02–13 iyun 2025-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 113-cü sessiyası keçirilir. Tədbirdə BƏT-ə üzv dövlətlərin hökumət nümayəndələri və sosial tərəfdaşları bir araya gələrək əmək sahəsində qlobal çağırışlar və gələcək əmək standartların barədə çıxışlar ediblər.
Azərbaycanı sessiyada işəgötürən tərəfdən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, vitse-prezidentlər Vüqar Abbasov və Jalə Hacıyeva, eləcə də baş məsləhətçi Adil Qurbanov təmsil ediblər.
Hal-hazırda öz işini davam etdirən konfrans çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar və əmək bazarının inkişafı istiqamətində atılan mühüm addımlar barədə məlumat veriblər.
Sessiyada BƏT-in İdarə Heyətinin hesabatları, konvensiyaların tətbiqi ilə bağlı təhlillər dinlənilib, həmçinin bioloji risklərə qarşı müdafiə tədbirləri, qeyri-formal məşğulluğun azaldılması, platforma iqtisadiyyatında layiqli əmək standartlarının formalaşdırılması və 2025-ci ildə keçiriləcək II Dünya Sosial İnkişaf Sammitində BƏT-in rolu ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndələrinin beynəlxalq nüfuzlu tədbirdə iştirakı ölkəmizin sosial dialoqda, əmək hüquqlarının müdafiəsində və inklüziv iqtisadi inkişafda təşəbbüskar mövqeyini bir daha ortaya qoyur.