08 iyul 2025-ci il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasında (AMFA) Pakistanın mikromaliyyə sektorunu təmsil edən nümayəndə heyəti ilə görüş keçirilmişdir. Nümayəndə heyətinə Pakistan Mikromaliyyə İnvestisiya Şirkətinin (PMIC) baş icraçı direktoru cənab Yasir Aşfaq, Pakistan Mikromaliyyə Şəbəkəsinin (PMN) baş icraçı direktoru cənab Seyid Möhsin Əhməd, PMIC-in İnsan resursları, Kommunikasiya və Biznesin inkişafı üzrə rəhbəri xanım Zeynəb Kakar, eləcə də Risk və Uyğunluq üzrə baş mütəxəssis cənab Rəşid İmran daxil idi.
Görüşdə AMFA-nın İcraçı direktoru Jalə Hacıyeva ilə yanaşı, Assosiasiyanın üzv təşkilatlarının nümayəndələri – FINCA Azərbaycan şirkətinin Maliyyə meneceri Bəxtiyar Nəsirov və Prior Kredit təşkilatının Maliyyə meneceri Aynur Əliyeva da iştirak etmişdir.
Tədbir zamanı cənab Yasir Aşfaq Pakistanın mikromaliyyə sektorunun inkişaf mərhələləri və institusional təcrübəsi barədə geniş təqdimatla çıxış etmiş, bu sahədə əldə olunan nailiyyətlər və qarşıya çıxan çağırışlar barədə ətraflı məlumat vermişdir. Təqdimat çərçivəsində iştirakçılar arasında maliyyə inklüzivliyinin təşviqi, innovativ maliyyə həllərinin tətbiqi və regionlararası bilik mübadiləsinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Sözügedən görüş AMFA-nın beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və mikromaliyyə sektorunda qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma olmuşdur. Tərəflər gələcəkdə birgə təşəbbüslərin və təcrübə mübadiləsinin davam etdirilməsində maraqlı olduqlarını bildirmişlər.
