25 noyabr tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Fimple və Algoritma şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində mikromaliyyə sektoru üçün xüsusi olaraq hazırlanmış Yeni Nəsil Rəqəmsal Bankçılıq Platformasının təqdimatı baş tutdu. Tədbirin əsas məqsədi BOKT-lar üçün sürətli, çevik və tam rəqəmsal bank xidmətləri təqdim edən innovativ həll barədə məlumatlandırmaq, həmçinin sektorun rəqəmsal transformasiya imkanlarını müzakirə etmək idi.
Sözügedən platforma BOKT-lara cəmi 1–2 ay ərzində tam funksional rəqəmsal bankçılıq xidmətlərini qurmağa şərait yaradır və ucdan-uca rəqəmsal infrastruktur təmin edir. Həll həm müştəri təcrübəsinin optimallaşdırılmasına, həm də daxili əməliyyatların səmərəliliyinin artırılmasına əhəmiyyətli dərəcədə töhfə verəcək. Bu əməkdaşlıq sektorda innovativ texnologiyaların tətbiqini sürətləndirməklə mikromaliyyə təşkilatlarının rəqəmsal transformasiya prosesini daha əlçatan edir.
Tədbirin açılışını AMFA-nın İcraçı direktoru Jalə Hacıyeva edərək qonaqları salamladı və layihənin sektor üçün əhəmiyyətinə toxundu. Daha sonra Fimple-in Azərbaycandakı Ölkə Meneceri Oğuzhan Yılmaz platformanın imkanları və tətbiq perspektivləri barədə məlumat verdi. Təqdimat hissəsi Algoritma şirkətinin İcraçı direktoru Ziya Sadıqov tərəfindən aparıldı. Sessiya BOKT rəhbərlərinin sualları ilə davam edərək interaktiv müzakirə formatında yekunlaşdı.
Tədbirin sonunda xüsusi seçim əsasında platformanın tam funksional xidmət paketi bir BOKT-a 6 ay müddətinə ödənişsiz təqdim edildi. Loteriyanın qalibi Azərbaycan Mikro Kredit təşkilatı oldu. Hədiyyə paketi təşkilatın direktoru Emil Muradova təqdim olundu.
