AMFA-nın üzv təşkilatı olan FINCA Azerbaijan tərəfindən COP30 çərçivəsində təqdim edilən innovativ “Aqrar Sığorta Krediti” modeli, COP29-dan sonra Azərbaycanda iqlim adaptasiyası və aqrar inkişaf sahəsində həyata keçirilən dövlət təşəbbüslərinin məntiqi və strateji davamı kimi beynəlxalq ictimaiyyətin böyük marağına səbəb oldu. Bu model iqlim risklərinə davamlı kənd təsərrüfatının inkişafını təşviq etməklə yanaşı, fermerlərin maliyyə dayanıqlığının gücləndirilməsinə və yaşıl maliyyə mexanizmlərinin genişləndirilməsinə mühüm töhfə verir.
COP30 çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “İqlim Dəyişikliyinə Uyğunlaşma, Təsirin Azaldılması və Dayanıqlılıq üçün Mikromaliyyə: Pilot Layihələrdən Genişmiqyaslı Tətbiqə Keçid” mövzusunda seminar zamanı FINCA Azerbaijan iqlimə davamlı maliyyə həllərinin inkişafı sahəsində regional liderlərdən biri kimi xüsusi vurğulanıb.
Tədbir çərçivəsində FINCA Azerbaijan-ın innovativ Hibrid Aqrar Sığorta Krediti məhsulu təqdim olunub. İki komponentdən ibarət olan bu maliyyə aləti fermerlərin sığorta haqlarının 50 faizinin qarşılanmasını təmin etməklə yanaşı, onlara təsərrüfatlarını genişləndirmək və iqlim risklərinə davamlı etmək məqsədilə aqrar mikrokredit imkanı yaradır. Bu model kreditləşmə və risklərin ötürülməsi mexanizmlərinin uğurlu inteqrasiyası baxımından qabaqcıl təcrübə nümunəsi kimi nümayiş etdirilib və kiçik fermerlərin iqlimlə bağlı itkilərdən qorunmasına xidmət edir.
Sığorta üzrə ilkin maliyyə yükünü azaltmaqla və maliyyələşməni qoruma mexanizmləri ilə birləşdirməklə FINCA Azerbaijan iqlim dəyişkənliyi ilə üzləşən fermerlər üçün əlçatan və praktik bir həll formalaşdırıb. COP30 panel müzakirələrində xüsusi olaraq vurğulanıb ki, bu yanaşma mikromaliyyə institutlarının ailə təsərrüfatlarının dayanıqlığını gücləndirmək, kənd yerlərində gəlirlərin sabitliyini təmin etmək və aşağıgəlirli fermerlər arasında aqrar sığortanın geniş tətbiqini təşviq etmək baxımından mühüm rol oynaya biləcəyini nümayiş etdirir.
FINCA Azerbaijan-ın töhfəsi mikromaliyyənin iqlim adaptasiyası üzrə “son kilometr” həlli kimi çıxış edə biləcəyinin əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib. Bu yanaşma iqlim risklərinə həssas olan müştərilərin quraqlıq, daşqın və digər iqlim şoklarına qarşı dayanıqlı olmaları üçün zəruri maliyyə resursları və risklərin idarə olunması alətləri ilə təmin edilməsini mümkün edir.
