17 fevral 2026-cı il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən dörd ildən bir yenilənən Ağ Sənəd üzrə növbəti müzakirə iclası onlayn formatda, Zoom platforması üzərindən keçirilmişdir.
Tədbirin əsas məqsədi mövcud Ağ Sənədin ətraflı nəzərdən keçirilməsi, üzv təşkilatların rəy və təkliflərinin toplanması, eləcə də yenilənmə prosesi çərçivəsində prioritet istiqamətlərin müəyyən edilməsi olmuşdur. Müzakirələr çərçivəsində sənədin mikromaliyyə sektorunun cari çağırışlarına uyğunluğu, normativ-hüquqi mühit, institusional inkişaf və dayanıqlılıq məsələləri geniş şəkildə təhlil edilmişdir.
İclasda ümumilikdə 21 nəfər iştirak etmişdir. Sənəd mikromaliyyə eksperti Nazim Əliyev tərəfindən təqdim edilmiş, sənədin əsas müddəaları, yenilənməsi zəruri hesab edilən bölmələr və beynəlxalq təcrübə ilə uyğunluq məsələləri barədə ətraflı məlumat verilmişdir. Təqdimatın ardından iştirakçıların sualları cavablandırılmış, təklif və rəylər dinlənilmişdir.
Qeyd edək ki, AMFA-nın Ağ Sənədi Assosiasiyanın strateji baxışını, sektor üzrə prioritetləri və tənzimləyici mühitlə bağlı mövqeyini əks etdirən əsas konseptual sənəddir. Dördillik yenilənmə prosesi sənədin aktuallığının qorunmasına, sektorun inkişaf dinamikasına uyğunlaşdırılmasına və üzvlərin mövqeyinin vahid platformada ifadə olunmasına xidmət edir.
AMFA bundan sonra da üzv təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində sənədin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirəcəkdir.
