19
MAR

“Qlobal Pul Həftəsi 2026” çərçivəsində Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecində maarifləndirici tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan kollecin metodisti Aysel Əliyeva bu kimi təşəbbüslərin tələbələrin gündəlik həyat bacarıqlarının inkişafında mühüm rol oynadığını qeyd edib. Ardınca çıxış edən Cavadxan Qasımov maliyyə savadlılığının müasir iqtisadi mühitdə zəruri biliklərdən biri olduğunu vurğulayıb.

Komitənin nümayəndəsi Kənan Məmmədov isə çıxışında diqqətə çatdırıb ki, erkən mərhələdə formalaşdırılan maliyyə bacarıqları gələcəkdə daha düzgün iqtisadi qərarların verilməsinə zəmin yaradır.

Təlim çərçivəsində Sevinc Rüstəmova tərəfindən tələbələrə gəlir-xərc balansının qurulması, maliyyə planlaşdırmasının əsas prinsipləri və şəxsi büdcənin idarə olunması ilə bağlı praktiki izahlar təqdim edilib. Təqdimat interaktiv elementlərlə zənginləşdirilərək iştirakçıların aktiv iştirakı təmin olunub.

Tədbir viktorina və tətbiqi tapşırıqlarla davam edib, tələbələr real situasiyalar əsasında maliyyə qərarlarının nəticələrini qiymətləndirmək imkanı qazanıblar.