18 mart tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası və Üçüncü Bahar İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Qlobal Pul Həftəsi 2026” çərçivəsində maliyyə savadlılığı mövzusunda növbəti master-klass onlayn formatda təşkil olunub.
Tədbir regionlarda yaşayan təqaüdçü qadınları əhatə edib. Bakı, Mingəçevir və digər bölgələri təmsil edən ümumilikdə 16 iştirakçı maliyyə biliklərinin artırılması istiqamətində praktiki məlumatlar əldə edib. Master-klassın əsas məqsədi iştirakçıların gündəlik maliyyə qərarlarında daha inamlı olmalarını təmin etmək, maliyyə davranışlarını təkmilləşdirmək və qənaət yönümlü yanaşmanı təşviq etmək olub.
Təlim AMFA-nın Maliyyə İnklüzivliyi üzrə proqram rəhbəri Sevinc Rüstəmova tərəfindən aparılıb. Sessiya çərçivəsində iştirakçılara şəxsi büdcənin planlaşdırılması, gəlir və xərclərin effektiv idarə olunması, eləcə də maliyyə resurslarından səmərəli istifadə üsulları barədə izahlı məlumat təqdim olunub.
Eyni zamanda iştirakçılarla maliyyə təhlükəsizliyi, qənaət strategiyaları və gündəlik maliyyə davranışlarının optimallaşdırılması mövzularında interaktiv müzakirələr aparılıb. Təlim zamanı real həyat nümunələri əsasında maliyyə vərdişləri təhlil edilib, iştirakçıların sualları cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.
Bu təşəbbüs yaşından asılı olmayaraq hər kəs üçün maliyyə savadlılığının əhəmiyyətini vurğulamaqla yanaşı, xüsusilə təqaüdçü qadınların maliyyə bacarıqlarının gücləndirilməsinə və sosial rifahının artırılmasına töhfə verməyi hədəfləyir.
