XƏBƏRLƏR

- 26 iyun 2015

VF AzərKredit qadın müştəriləri “Maliyyə Savadlılığı” üzrə təlimə cəlb etdi

VF AzərKredit qadın müştəriləri “Maliyyə Savadlılığı” üzrə təlimə cəlb etdi


Qadın sahibkarların cəmiyyətdə iştirakının vacibliyini daim təşviq edərək, onların maliyyə savadlılığının  artırılmasını diqqət mərkəzində saxlayan VF AzərKredit qadın müştərilərindən bir neçəsini Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mikromaliyyə Mərkəzinin (MFC) əməkdaşlığı ilə Azərbaycan MikroMaliyyə Assosiasiyasının (AMFA) həyata keçirdiyi  “Azərbaycanda regionlarda qadın ekspertləri yetişdirmək və qadın sahibkarların təşviq edilməsi” layihəsi çərçivəsində təşkil olunan Maliyyə Savadlılığı təliminə cəlb etmişdir.

Təlimin əsas məqsədi müştəriləri kredit tarixçəsinin mahiyyəti, ailə büdcəsinin planlaşdırılması, maliyyə planlarının hazırlanması, ailə büdcəsinin formalaşdırılmasında yığımın rolu, artıq borclanmanın müştəriyə və onun ailə üzvlərinə yarada biləcəyi fəsadlar və s. mövzularda  məlumatlandırmaqla, onların maliyyə biliklərinin artırılması və həddən artıq borclanma risklərinin aradan qaldırılması olmuşdur. May ayı ərzində Azərbaycanın Biləsuvar, Zaqatala, Şəmkir və Gəncə şəhərlərində təşkil olunan təlimlərdə VF AzərKreditin adı çəkilən şəhərlərlə yanaşı, həm də digər ətraf ərazilərdə yaşayan 40-a yaxın qadın müştərisi fəal iştirak etmişlər. Təlimin gedişatı boyunca təlim iştirakçıları həm də biznesin genişləndirilməsi, gələcəyin planlaşdırılması,  təlimçi ekspertlərdən faydalı tövsiyələr əldə etmiş oldular.

“Tədbirdə vaxtında ödənişin edilməsi, cəriməyə düşməmə, pulun istifadə olunması mövzularında bizə məlumat verildi. Təlimdən sonra bizə deyilən məlumatları mən öz iş yoldaşlarımla bölüşdüm. Düzünü desəm mənim əvvəl 20 manatım olduqda dərhal onu xərcləyirdim ki, onsuzda 20 manatla elə də böyük məbləğdə pul yığa bilmərəm. Amma indi anlayıram ki, bu gün 20 manat, sabah 10 manat kənara qoymaqla xeyli məbləğ yığa bilərəm və gün gələr bu pul mənim dadıma çatar.”- VF AzərKreditin quşçuluq biznesi ilə məşğul olan Gəncə filialının müştərisi İlahə Qasımova vurğulayır.

“Xeyli bilmədiyim məlumat eşitdim təlimdə. Kreditin alınması, pulun saxlanması, pulun düzgün xərclənməsi, pulun xərclənməsi zamanı qənaət edilməsi barədə bizə məsləhətlər verildi. Yığım barədə elə də məlumatım yox idi, amma artıq ailəlikcə hər ay pul yığırıq. Yəqin ki, bir gün ehtiyacımız olarsa, əlimizin altında hazır pul olacaq və heç kimdən xırda məsələlərə görə borc götürməyəcəyik”, 32 ildir ki, dərzilik fəaliyyəti ilə məşğul olan Zaqatala filialının müştərisi Bənövşə Babayeva qeyd edir.

Məsuliyyətli maliyyə yanaşmasını xüsusilə diqqət mərkəzində saxlayan VF AzərKredit maliyyə savadlılığı istiqamətində fəaliyyətini davam etdirəcəkdir.