AMFA nın 10-cu illik təltif şam ziyafəti aprel ayının 28-də Hyatt Regency mehmanxanasında həyata keçirildi. Ənənəvi tədbirlərimizdə olduğu kimi, bu il də Azərbaycanın Mikromaliyyə sahəsinin əsas bazar iştirakçıları, o cümlədən 33 təşkilatın və partnyor maliyyə qurumlarının nümayəndələri bir araya toplaşdı.
Tədbirdə yerli maliyyə orqanlarından və beynəlxalq təşkilatların nümayəndələrindən ibarət 55-ə yaxın nümayəndə iştirak etmişdir. AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov və AMFA-nın icraçı direktoru Jalə Hacıyeva tədbiri açıq elan etdi və daha sonra Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank fəaliyyətinə nəzarət departamentinin Bank olmayan kredit təşkilatlarına nəzarət idarəsinin rəisi cənab Xəyyam İsmayılov və Asiya İnkişaf Bankının Ölkə üzrə Direktoru cənab Nəriman Manapbekov qonaq natiq qismində iştirakçıları salamladılar. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası, Asiya İnkişaf Bankı, Azərbaycan Respublikası İqtisadyyat Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin Bakı Nümayəndəliyi, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və Beynəlxəlq Maliyyə Korporasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələrinin də yer aldığı tədbir bütün qonaqların aktiv iştirakı və mükafatlandırma mərasimi ilə davam etdirilmişdir. Hər il olduğu kimi bu il də yerli maliyyə bazarının qabaqcıl təşkilatları maliyyə sektorunda geniş təcrübəyə malik və inkişafında birbaşa iştirak edən AMFA –nın Mükafatlandırma Komitəsinin ekspertləri tərəfindən dəyərləndirilərək 3 kateqoriya üzrə mükafata layiq görülmüşdülər. “Böhran dövründə yığım prosesində müştəri hüquqlarının mühafizəsini təmin edən qabaqcıl təşkilat” nominasiyası üzrə BOKT Viator Mikrokredit Azərbaycan MMC; “Böhran dövründə yeni məhsul və xidmətlər təklif edən qabaqcıl təşkilat” nominasiyası üzrə "Bank of Baku“ ASC- və İşçilərin yeni mühitə uyğunlaşdırılması və motivasiyası üçün tədbirlər planı həyata keçirən qabaqcıl təşkilat nominasiyası üzrə BOKT "TBC Kredit" MMC təşkilatları mükafatlandırılmışdılar.