AMFA mikromaliyyə sektorunda mövcud olan qabaqcıl təcrübələri öz fəaliyyətində əks etdirən təşkilatları qiymətləndirmək, assosiasiyanın təsis edilməsinin 15-ci ildönümünü qeyd etmək və maliyyə qurumları arasında əlaqələri möhkəmləndirmək məqsədilə 12-ci İllik Təltif Şam Ziyafətini təşkil etmişdir.
Ənənəvi olaraq, bu il də Azərbaycanın Mikromaliyyə sahəsinin əsas tənzimləyici orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sahibkarlar Konfederasiyası, Kiçik Və Orta Biznesin İnkişafı Agentliyi, banklar və bank olmayan kredit təşkilatları, mikromaliyyə sektoruna müxtəlif xidmətlər göstərən partnyor təşkilatlar, Banklar Assosiasiyası, Avropa İttifaqı, İslam İnkişaf Bankı, Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları fondu kimi Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri olmaqla tədbirdə ümumilikdə, 60-a yaxın nümayəndə iştirak etmişdir.
AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov və icraçı direktoru xanım Jalə Hacıyeva tədbiri açıq elan etdikdən sonra tədbirin rəsmi hissəsində qonaq məruzəçi qismində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti cənab Məmməd Musayev, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü vəzifəsini icra edən cənab Əfqan Baxışov, Kiçik Və Orta Biznesin Inkişafı Agentliyinin idarə heyəti sədrinin müavini cənab Nadir Adilov çıxış etmişdir.Daha sonra iştirakçılar xatirə şəkli çəkdirərək tədbirin qeyri rəsmi hissəsində müzakirələri şam yeməyi masası arxasında davam etdirdilər.
Bu il 5 dəyərli üzvdən ibarət olan mükafatlandırma komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnnovasiya, tədris və konsaltinq departamentinin tədris və konsaltinq şöbəsinin müdiri Elməddin Hacıyev, Asiya İnkişaf Bankının baş iqtisadçısı Nail Vəliyev, Avropa Yenidənqurma və İnkişaf Bankının Bankiri Ziya Əlili, Qlobal Sahibkarlıq Şəbəkəsi-Azərbaycanın (GEN Azerbaijan) məşvərət şurasının üzvü Süleyman Əliyev və Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihələr üzrə meneceri Vüsalə Qarayeva tərəfindən iddialı namizədlər arasından təyin edilmiş 3 qalib təşkilat Mükafat ilə təltif edilmişdirlər.