16 iyul 2026-cı il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən ASPEKT şirkətinin dəstəyi ilə AMFA üzvləri üçün “Eksklüziv Səhər Yeməyi” təşkil olunub.
Tədbirin əsas məqsədi mikromaliyyə və lizinq sektorunda fəaliyyət göstərən təşkilatların rəhbər nümayəndələrini bir araya gətirmək, qarşılıqlı tanışlıq və əməkdaşlıq imkanlarını müzakirə etmək, eləcə də sektor üzrə aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq olub. Görüş şəbəkələşmə və peşəkar dialoq üçün səmərəli platforma rolunu oynayıb.
Tədbir çərçivəsində ASPEKT şirkəti tərəfindən maliyyə institutlarının əməliyyat infrastrukturunun müasirləşdirilməsinə yönəlmiş texnoloji həllər təqdim edilib. Bildirilib ki, şirkətin modul platforması BOKT və lizinq təşkilatlarının mövcud əsas (core) sistemlərini dəyişdirmədən kredit əməliyyatlarının optimallaşdırılmasına, kredit qərarlarının daha sürətli qəbuluna, risklərin idarə edilməsinin təkmilləşdirilməsinə və tənzimləyici hesabatlılığın sadələşdirilməsinə imkan yaradır.
Eyni zamanda, təqdim olunan həllərin əl əməyinin və uyğunluq (compliance) risklərinin azaldılması, əməliyyat səmərəliliyinin artırılması və kredit portfelinin daha effektiv idarə olunması baxımından maliyyə institutlarına əlavə dəyər yaratdığı qeyd olunub.
