Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ilə AlHuda Centre of Islamic Banking and Economics arasında qurulan strateji əməkdaşlıq çərçivəsində ilk birgə təşəbbüs olaraq 5-ci MDB İslam Bankçılığı və Maliyyə Forumu 2026 təşkil olunub. AMFA və AlHuda arasında strateji əməkdaşlığın əsas məqsədi Azərbaycanda inklüziv maliyyənin inkişafını dəstəkləmək, islam maliyyəsi və islam mikromaliyyəsi üzrə bilik və bacarıqların artırılmasına, institusional potensialın gücləndirilməsinə, beynəlxalq təcrübənin ölkəyə gətirilməsinə, eləcə də yeni maliyyə məhsullarının və xidmətlərinin inkişafına töhfə verməkdir. Bu tərəfdaşlıq çərçivəsində AMFA üzvləri beynəlxalq təcrübəyə çıxış əldə edir, ixtisaslaşmış maarifləndirici tədbirlərdə güzəştli şərtlərlə iştirak etmək və qlobal ekspertlərlə birbaşa əməkdaşlıq imkanlarından yararlanırlar.
Məhz bu strateji əməkdaşlığın ilk praktiki nəticəsi olaraq, 9 iyul 2026-cı il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində AlHuda Centre of Islamic Banking and Economics tərəfindən 5-ci MDB İslam Bankçılığı və Maliyyə Forumu 2026 keçirilib. Forum İslam bankçılığı və maliyyəsi sahəsində fəaliyyət göstərən maliyyə institutlarını, investorları, tənzimləyici qurumların nümayəndələrini və beynəlxalq ekspertləri bir araya gətirərək sahənin aktual inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayıb. Tədbir çərçivəsində İslam maliyyəsinin MDB ölkələrində inkişaf perspektivləri, Şəriət idarəçiliyi və AAOIFI standartlarının tətbiqi, maliyyə bazarlarının genişləndirilməsi, rəqəmsal transformasiya, eləcə də İslam maliyyəsində innovativ həllər və dayanıqlı inkişaf imkanları ətrafında geniş müzakirələr aparılıb.
Forumdan sonra, 10–11 iyul 2026-cı il tarixlərində “İslam Bankçılığı və Maliyyəsində Məhsul Strukturlaşdırılması və Risklərin İdarə Edilməsi” mövzusunda iki günlük ixtisaslaşmış seminar təşkil olunub. Seminarda iştirakçılar İslam maliyyə məhsullarının strukturlaşdırılması prinsipləri, Şəriətə uyğun maliyyə alətləri, risklərin idarə olunması, korporativ idarəetmə, uyğunluq mexanizmləri və beynəlxalq standartların tətbiqi istiqamətində praktiki bilik və peşəkar təcrübə əldə ediblər.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşəbbüsü ilə forum və seminarda Assosiasiyanın üzv təşkilatlarından ümumilikdə 3 üzv təşkilatı təmsil edən 7 nümayəndə iştirak edib. Tədbirdə aşağıdakı üzv təşkilatlar təmsil olunublar:
- BOKT “Azərbaycan Mikro Kredit” ASC
- BOKT “Embafinans” QSC
- BOKT “Prior Leasing” ASC
Forum və seminar iştirakçılara İslam maliyyəsi sahəsində beynəlxalq təcrübə ilə yaxından tanış olmaq, aparıcı ekspertlərlə fikir mübadiləsi aparmaq, yeni əməkdaşlıq və investisiya imkanlarını dəyərləndirmək, eləcə də peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək üçün əhəmiyyətli imkanlar yaradıb.
AMFA beynəlxalq tərəfdaşlarla strateji əməkdaşlıqlarını genişləndirməklə üzv təşkilatların peşəkar inkişafını dəstəkləməyə, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizə transferinə və inklüziv maliyyə ekosisteminin davamlı inkişafına töhfə verməyə davam edir.
